Kainatın elə bir nöqtəsi yoxdur ki, orada riyaziyyat olmasın. Təbiətdə baş verən bütün prosesləri riyazi ifadələrlə göstərmək mümkündür. Bütün elm sahələrində, istər Fizikada, istər Kimyada, istərsə də proqramlaşdırmanın dərinliyində mütləq riyaziyyat istifadə olunur. Fizika ilə məşğul olanlara məlumdur ki, riyaziyyatsız Fizika problemlərini həll etmək qeyri-mümkündür. Eynilə böyük layihələrdə mütləq Riyazi Analiz, Ehtimal nəzəriyyəsi, Diskret riyaziyyat və s. istifadə olunur.

Problemi riyazi məsələyə çevirdikdən sonra həlli daha da asanlaşır. Məsələn bu yaxınlarda nisbətən çətin görünən bir proqramlaşdırma məsələsini riyazi məsələyə çevirdim. Riyazi məsələyə çevirdikdən sonra həmin məsələni bir riyaziyyatçıya təqdim etdim. Riyaziyyatçının həmin məsələni həll etməyi cəmi bir neçə saniyəsini aldı. Halbuki həmin məsələ mənə nisbətən çətin görünürdü.

Riyaziyyatı hər hansı bir sahəyə tətbiq etmək üçün həm riyaziyyatı, həm də tətbiq olunacaq sahəni yaxşı bilmək tələb olunur. Məsələn, tək riyaziyyatı yaxşı səviyyədə bilənlər ola bilər ki, real proseslərdə yaranan problemləri riyazi məsələyə çevirə bilməsinlər. Bəlkə də həmin məsələ onlara çox sadə görünər, ancaq əsas olan həmin prosesi riyazi məsələyə çevirməkdir.

Buna görə də texniki sahələrdən biri ilə məşğul olan hərkəsə həmin sahə ilə bərabər riyaziyyatı da dərindən öyrənmələrini tövsiyyə edirəm.

Riyaziyyatı öyrənərkən ən əsas problemlərdən biri tələbələrin yalnız misal həll etməsidir. Təəssüf ki tələbələr mövzuların dərin mənasını öyrənməyə can atmırlar. Ancaq mövzuların dərinliyini bilmədən real prosesləri riyazi məsələlərə çevirmək qeyri-mümkündür. Riyaziyyatda yalnız misal həll etmək ancaq məntiqinizi gücləndirə bilər, öz sahənizdə sizə kömək ola bilməz. Ona görə də, mütləq riyaziyyat öyrənərkən hər mövzunu dərindən öyrənin.

Bu məqalədə, Riyaziyyatın real həyatda nə qədər vacib olduğunu yazmağa çalışdım. Növbəti Riyaziyyata aid məqalədə Riyazi mövzuların əsl mənalarını izah etməyə çalışacam. Növbəti mövzumuz Riyazi Analizdə və Reallıqda 0-ın mənası olacaq. Sizin də təklif edəcəyiniz mövzular varsa yaza bilərsiniz. Fikirləriniz mənim üçün maraqlı olar.