Hal-hazırda Dünyada təxminən 1 milyard veb sayt mövcuddur və saytların sayı günü-gündən artmaqdadır.Saytlar müxtəlif məqsədlərlə istifadə olunur. Məsələn, bəzi şirkətlər özlərini tanıtmaq üçün öz şəxsi saytlarını yaradırlar, bir çoxları öz yazılarını, fikirlərini paylaşmaq üçün sayt yaradır (məsələn bloqlar), bəziləri isə öz biznesini yaratdığı sayt üzərində qurur. Hal-hazırda bəzi idarəetmə sistemləri də veb əsaslı olaraq yaradılr.

Veb əsaslı sistem nədir?

Veb əsaslı sistemlərdə, idarəetmə üçün lazım olan proqram təminatı, hər hansı bir əməliyyat sistemində yox, veb sayt üzərində yaradılır. Bu sistemlərin bir sıra üstünlükləri də mövcuddur:

Yaradılan sistemdən istifadə etmək üçün hər-hansı əlavə proqram təminatına ehtiyac duyulmur. Sistemə giriş üçün sadəcə brauzerin olması kifayət edir;

Sistem hər-hansı bir əməliyyat sistemindən asılı olmur. Veb əsaslı sistemə, bütün Əməliyyat sistemlərindən brazuer vasitəsilə giriş mümkün olur;

Veb əsaslı sistemlərlə yanaşı bəzi oyunlar da veb əsaslı olaraq yaradılır. Veb əsaslı olaraq yaradılmış oyunlar da, əməliyyat sistemindən asılı olmur və oyuna brauzer vasitəsilə giriş edilir. Hal-hazırda veb əsaslı oyunların bir çoxunu Flash oyunlar təşkil edir. Ancaq Flash oyunların bir mənfi cəhəti odur ki, komputerdə flash player olmağı məcburidir. Flash-lə yanaşı Unity vasitəsilə hazırlanan veb əsaslı 3d oyunlar da mövcuddur. Unity ilə hazırlanmış oyunlar da , Flash vasitəsilə hazırlanmış oyunlara oxşar olaraq öz playerini(Unity Web Player) tələb edir.

Ancaq artıq, bəzi brauzerlər flash-dən imtina etməyə başlayır. Eyni zamanda, Adobe şirkəti, artıq Flash-i inkişaf etdirmir. Bu səbəbdən bir müddət sonra flash oyunların istehsalı dayana bilər. Ancaq, veb əsaslı oyunların əksəriyyətinin Flash oyun olmağı göstərir ki, Flash-in bu sahədən çıxmağı biraz uzun çəkə bilər.

Artıq saytlarda olan kiçik animsiyalarda, Flash əvəzinə HTML5 istifadə olunur. HTML5-lə artıq kiçik oyunlar da hazırlanır. Ancaq HTML5 demək olar ki təzə olduğuna görə, HTML5-lə o qədər də böyük oyunlar hazırlanmayıb. Ancaq, bəzi brauzerlərin də Flash-dan imtina etməsi, HTML5-in oyun sahəsində də, öz yerini tutacağını göstərir.

Bir şeyi də unutmayaq ki, hal-hazırda GB-larla ölçülən oyunların veb əsaslı olaraq hazırlanması mümkün deyildir. Hələki ancaq nisbətən kiçik oyunlar veb əsaslı olaraq hazırlanır.

Bu sahəni öyrənməyə necə başlamaq lazımdır?

Web əsaslı sistemlər, saytlar hazırlanarkən, ilk öncə həmin sistemin dizayn hissəsi hazırlanır, sonra isə sistem proqramlaşdırılıq. Sistem mürəkkəb olduqda, bu işlər ayrı-ayrı şəxslər tərəfindən yerinə yetirilir. Sistemin görünüş hissəsini hazırlayan şəxs bəzən Front-end Developer olaraq adlandırılır. Sistemin proqramlaşdırma hissəsin yerinə yetirən şəxs isə, Back-end Developer olaraq adlandırılır.

Front-end Developerin, güclü HTML, CSS və Javascript bilikləri olmalıdır. Bu sahəyə başlayarkən ilk öncə HTML dilindən başlamaq lazımdır. HTML öyrəndikdən sonra CSS öyrənmək lazımdır. HTML və CSS dillərini öyrəndikdən sonra artıq bu iki dildən istifadə edərək, bir çox dizaynlar hazırlamaq və bu iki texnologiya üzrə təkmilləşmək lazımdır. Növbəti olaraq isə Javascript öyrənmək lazımdır. Əlavə olaraq deyək ki, veb-əsaslı oyunların proqramlaşdırma hissəsi də Javascriptlə yerinə yetirilir. Əgər məqsədiniz, veb əsaslı oyunlar hazırlamaqdırsa, onda HTML, CSS və Javascripti çox güclü şəkildə öyrənməyə çalışın.

Back-end Developer isə veb-proqramlaşdırma dillərindən birini güclü bilməlidir. Bu dillərə misal olaraq, Php, Asp.net və ya Java dilini nümunə göstərmək olar.Bu dillər vasitəsilə saytda bir çox əməliyyatlar aparılır. Məsələn, saytda qeydiyyat sistemi, Xəbər əlavəsi və s. bir çox əsas işlər bu dillərlə aparılır. Bu dillər arasında ən çox istifadə olunan dil Php dilidir.

Ancaq bu dillərin bir mənfi cəhəti ondan ibarətdir ki, hər-hansı bir əməliyyat yerinə yetirildikdə veb-səhifə yenilənməlidir və ondan sonra nəticə göstərilir. Ancaq əlavə bəzi texnologiyalardan, məsələn AJAX texnologiyasından istifadə etməklə səhifəni yeniləmədən də, Php və ya digər dillərlə ilə əməliyyatları aparmaq mümkündür. Eyni zamanda oyun proqramlaşdırmasında, məlumatları bazaya göndərmək, istifadəçi məlumatlarını bazadan oxumaq və ya digər əməliyyatları aparmaq üçün, bu dillərdən istifadə oluna bilər.

Bu texnologiyaları öyrənmək üçün internetdə saysız-hesabsız mənbə mövcuddur. İstər video şəklində, istərsə də yazılı şəkildə bir çox mənbələr mövcuddur. Bu sahədə ən çox məlumat ingiliscədir. Əgər İngiliscə bilmirsinizsə, ingilis dili öyrənməyə çalışın. Ancaq ingilis dilini bilməmək bu sahəni öyrənmək üçün maneə deyil. Əgər ingiliscə bilmirsinizsə məlumatları türkcə axtara bilərsiniz. Türkcə də məlumatlar kifayət qədərdir. Ancaq yenə də mütləq ingiliscə öyrənməyə çalışın.

İngiliscə öyrənə bilənlər üçün http://w3schools.com/ saytını məsləhət görə bilərəm. Bu saytdan əlavə Google-da və ya Youtube-da İngiliscə “HTML Lessons” və ya türkcə “HTML dersleri” şəklində axtararaq bir çox yazılı və video mənbə tapa bilərsiniz.

Əgər Azərbaycan saytlarından öyrənmək istəyirsinizsə, müəyyən səviyyədə HTML və CSS öyrənmək üçün http://ilkaddimlar.com/ saytından faydalana bilərsiniz. Sevindirici haldır ki, artıq Youtube portalı üzərində də Azərbaycan dilində proqramlaşdırma üzrə dərsliklər yer alır. Youtube-da “HTML dərsləri” olaraq yazıb axtarsanız, Azərbaycan dilində videolara rast gələ bilərsiniz. Digər Azərbaycan dilində mənbələri tapmaq üçün isə Google-da axtarmağınız kifayətdir.

Ancaq unutmayın ki, bu sahənin əsas dili ingilis dilidir və ingilis dilini yaxşı səviyyədə öyrənməyə çalışın.

Və sonda qeyd edək ki, bu sahə, ən gəlirli sahələrdən biridir. Proqram təminatı, veb sayt bazarında qiymətlər olduqca yaxşıdır. Fikrimcə, bu sahə, öyrənmək üçün ən ideal sahələrdən biridir.

Məqalə haqqında fikirləriniz varsa və ya məqaləyə aid sizə qaranlıq qalan bir sual varsa, şərh bölməsində yaza bilərsiniz.