Avtomatik Tənzimləmə Sistemlərində(ATS-lərdə) olduğu kimi avtomatik tənzimləyicilər də müxtəlif əlamətlərə görə təsnif olunurlar:

Tənzimlənən kəmiyyətin xarakterinə görə tənzimləyicilər təzyiq, fırlanma sürəti, gərginlik, temperatur və s. tənzimləyicilərə bölünür.

Tənzimləmə prinsipinə görə tənzimləyicilər meyletməyə, həyəcanlandırıcı təsirə və kombinə edilmiş prinsipə görə işləyən tənzimləyicilərə bölünür.

Əlavə enerji mənbəyindən istifadə olunmasına görə tənzimləyicilər birbaşa və birbaşa olmayan təsirli tənzimləyicilərə bölünür. Bu halda istifadə olunan enerjinin növünə görə elektrik, hidravlik, pnevmatik, elektromexaniki, elektropnevmatik, elektrohidravlik və digər növ tənzimləyicilər mövcuddur. Bunların içərisində elektrik tənzimləyicilər daha geniş yayılmışdır.

Əks əlaqənin olması prinsipinə görə tənzimləyicilər yerli əks-əlaqəli, dərin əks-əlaqəli və yerli əks-əlaqəsi olmayan tənzimləyicilərə bölünürlər.

Tənzimlənən kəmiyyətin sayına görə bütün tənzimləyicilər birölçülü və çoxölçülü(əgər tənzimlənən kəmiyyətlərin sayı birdən çoxdursa) tənzimləyicilərə bölünür.

Bir elementdən digərinə ötürülən siqnalın xarakterinə görə(modulyasiya prinsipi) tənzimləyicilər kəsilməz, diskret, rele, impuls və rəqəmli tənzimləyicilərə bölünürlər.

Göründüyü kimi, avtomatik tənzimləyicilər də ATS-lər kimi eyni cür təsnif olunurlar, lakin avtomatik idarəetmə nəzəriyyəsinə görə tənzimləyicilər onlarda realizə olunan tənzimləmə qanunlarına görə təsnif olunurlar.