Peşəkar kariyeranın təməli hələ tələbəlik illərində qoyulur. Mühəndislik tələbələri təhsildə yaxşı göstəricilərlə yanaşı sənaye sahələriylə də tanışlığa ehtiyac duyur. Sənaye sahəsindəki real iş mühitini texniki gəzinti və təcrübə proqramlarında görə bilirik. Nəticədə, hələ tələbə ikən hansı sahə və pozisiyada işləmək istədiyimizə qərar verib, qarşımıza real hədəflər qoyuruq. Texniki gəzintilər, adətən, 1 günlük olsa da, təcrübə proqramları şirkətdən asılı olaraq 1-2 həftədən 3 aya qədər müddəti əhatə edir. Bu müddət ərzində tələbə kollektivin bir parçası olaraq şirkətin siyasətiylə tanış olur, eyni zamanda həmin müəssisədəki iş prosesini öyrənib, ixtisasının buradakı vəzifə öhdəliyini müəyyənləşdirir.

Norm 2017-ci il yay təcrübəçilərinin kollektivlə xatirə şəkli

(Artıq bu tələbələrdən əksəri Norm daxil yerli və xarici şirkətlərdə öz kariyeralarına başlamışdır.)


            Bildiyimiz kimi, Norm 2019-cu il üçün “yay təcrübə proqramı”-nı elan etdi. Bakalavr dövründə iştirak etdiyim 4 yay təcrübəsindən ən maraqlı, faydalı, eyni zamanda uzunu (2017-də 40 gün) Norm sementin təcrübə proqramdır. Bu il üçün bakalavr 3, 4-cü kurs və magistrlar aşağıdakı ixtisaslar üzrə təcrübəçi kimi müraciət edə bilərlər:

  • Mexanika mühəndisliyi/ Texnoloji maşın və avadanlıqlar mühəndisliyi
  • Elektrik / Elektronika/ Proseslərin avtomatlaşdırılması mühəndisliyi
  • Sənaye mühəndisliyi/ Mühəndis iqtisadiyyatı və idarəetmə
  • Geologiya
  • Kimya mühəndisliyi/ Kimya texnologiyası
  • Tikinti materiallarının texnologiyası
  • İnşaat mühəndisliyi
  • Əməyin mühafizəsi / Ekologiya
  • Hüquq
  • İnformasiya texnologiyaları/ Kompüter mühəndisliyi/ Kompüter elmləri
  • Maliyyə/ Mühasibat uçotu və audit
  • Nəqliyyatın təşkili və idarəedilməsi
  • İqtisadiyyat
  • Biznesin idarəolunması

Proqrama seçim 3 mərhələdən ibarətdir:

  • Sənədlərin onlayn qəbulu (son tarix-3 may 2019)
  • İmtahan
  • Texniki intervü

Aşağıda təcrübə proqramının rəsmi saytdakı elanının linki verilib. Öncəliklə həmin sənədləri elektron formada yığın. Yaxşı olar ki, yaratdığınız mətn tipli faylları pdf sonluqlu fayllara çevirib, daha sonra göndərin. Əks halda qarşı tərəf “word” faylını açdığında, məlumatlarınızda təhriflər ola bilər.

            “Təcrübə proqramına müraciət forması”nı tələsmədən dəqiq doldurun, intervüdə yazdıqlarınız ətrafında danışıq aparıla bilər.

            Tələbələrin əsas çətinlik çəkdiyi motivasiya məktubunun yazılmasıdır ki, internetdə bununla bağlı məqalə və nümunələr yetərincədir. Giriş, əsas hissə və sonluq göstərilməklə, bir neçə abzasla, şirkətin nə üçün sizin maraq dairənizdə olması, nəyə görə siz, sizin şirkətə verəcəkləriniz, gələcək kariyera hədəflərinin bu təcrübəylə əlaqəsini ətrafı əhatə edib, axıcı cümlələrlə çox da uzun olmamaq şərtiylə yazılmış niyyət məktubu ideal sayıla bilər. Yaxşı olar ki, yazdığınızı başqa birinə oxudun və qrammatik səhvlərin olmamasına diqqət edin. Xüsusi tələb kimi qoyulmasa belə bu məktubu ingiliscə yazmaqda problem yoxdur.

            Fayl adlarını “ad soyad tələbə bileti” kimi yazmağınız məsləhətdir.


            Sonda, sənədləri göndərərkən mail etiketini gözləməyiniz seçilmə şansınızı artırır. Mailin mövzu hissəsinə “Internship” yazın. Niyyət məktubu yazsanız belə, bir-neçə cümlə də burada yazmaq yaxşı olar. Sonda “imza” qoymaq da etiket olaraq qəbul olunmuşdur. İmza

Ad Soyad
ADNSU l X-cı kurs

kimi ola bilər.

            1-ci mərhələni keçənlər daha sonra imtahanla bağlı mail alır. Mailinizi daim yoxlmağı vərdiş edin. 2018-ci il imtahanı məntiq (20 test), ingilis dili (10 test) və ümumi dünya görüşü (10 test) blokları üzrə tərtib olunmuş testlər şəklində hazırlanmışdır. İmtahan orta səviyyədə-tələbənin bacarıqlarını müəyyənləşdirməkçün Normun şəhərdəki inzibati binasında təşkil edilir.

            İntervüdə namizədin texniki biliyi və motivasiyası qiymətləndirilir. İntervü Qaradağda, zavod ərazisindəki binada təşkil edilir. İntervüyə getmədən öncə şirkəti bir daha araşdırıb, məlumatlarınızı dəqiqləşdirin. Seçilənlər daha sonra təcrübənin başlama müddəti, nəqliyyat xitmətinin necə təşkil olmasıyla bağlı mail alır. Və başlayır maraqlı günlər 😊

            Təcrübəçilər ixtisasdan asılı olaraq  sahə və ya ofisdə olur və əsas funksiyası öyrənməkdir. Norm yeni sənaye müəssisəsi olduğundan istər avadanlıq, istər idarəçilik olaraq öyrəniləcək çox şey var. Normun gənc kollektivi tələbələri öyrətməyə hər zaman məmnunluq duyur.

            Təcrübə proqramının linki: https://www.norm.az/press/news/20190411025752228.html

Yuxarıda yazılan mail yazmaq texnikası və “priyom”-lar əksər vakansiyalara müraciət zamanı tətbiq olana bilər. Əlavə olaraq internetdə “mail etiquette”, “motivation letter sample” açar sözlərini axtarışa verə bilərsiniz.

Kariyera həyatın bir hissəsidir. Hər birinizə kariyera addımlarında uğurlar!